TTTY şöbəsi  XMSK ən böyük şöbəsi olub  “Mercedes” markalı təcili yardım avtomobilləri,  ən yüksək tələblərə cavab verən tibb avadanlıqları, təcili yardım üçün lazım olan bütün dərman və tibb ləvazimatları və xüsusi radio-telefon rabitəsi ilə  təchiz olunmuşdur. Bütün həkim və orta tibb işçiləri rəhbərlik tərəfindən diqqətlə seçilmiş yüksək nəzəri biliklərə və praktik səriştəyə malik mütəxəssislərdir. Təcili yardım avtomobillərinin yüksək səriştəli ekipajı sutkanın  24 saatı ərzində Respublikanın istənilən bölgəsindən verilmiş çağırışları icra etməyə, yerində ilkin təcili yardım göstərməyə, xəstələri təyinatı üzrə müalicə müəssisələrinə çatdırmağa hazırdır. 

Şöbənin xüsusi təyinatlı reanomobil avtomobili iə təchiz olunmuş reanimasion briqadası ağır xəstələrin ixtisaslı müalicəsini və reanimasiya tədbirlərini bilavasitə yolda davam etdirməklə onların hadisə yerindən stasionara, yaxud bir stasionardan digərinə təhlükəsiz şəkildə təxliyyə etməyə qadirdir. Digər təcili yardım müəsisələrindən fərqli olaraq şöbənin təcili yardım briqadaları tərəfindən lazım olan hallarda xəstələrin ev, iş yeri, stasionarlar  və hətta çöl şəraitində yüksək keyfiyyətli rentgen və ultrasəs müayinələri də aparılır. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində təşkil olunmuş travmatoloji məntəqədə Kompleksin  mütəxəssisləri tərəfindən zərər çəkmişlərə ixtisaslı travmatoloji yardım göstərilir, onların hərtərəfli müalicəsi təşkil olunur.

Çağırışların icrasının operativliyinin təmin olunması üçün paytaxtın Əhmədli bölgəsində də şöbənin xüsusi briqadası növbə çəkir. Profilindən və məsafəsindən asılı olmayaraq bütün təcili və təxirəsalınmaz tibbi yardım çağırışlarının icrası əvvəldən axıra qədər  həmin növbənin yüksək hazırlıqlı böyük həkiminin fasiləsiz nəzarəti altında həyata keçirilir.